İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak ediblər
Prezident İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.https://t.co/gIuSOyV7e5 pic.twitter.com/pfV8PgO2Cx
— Yeni Azərbaycan Partiyası/ New Azerbaijan Party (@YAP_1992) April 25, 2023
İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak ediblər
2023,
İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak ediblər
Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.
Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzaladılar.
İmzalanma mərasimində Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun videomüraciəti dinlənildi. Xanım Kadri Simson imzalanmış Anlaşma Memorandumunun regiona əlavə qaz təchizatı baxımından alternativ marşrutlar üçün çərçivə təmin edəcəyini vurğuladı, bu məsələdə Azərbaycanın roluna toxunaraq dedi: “Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirdi. Bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən enerji təchizatı həlledici olmuşdur. Komissiya Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üzrə əlavə səyləri dəstəkləyir”.
Sonra çıxışlar oldu.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Anlaşma Memorandumunun əhəmiyyətinə toxundu, bunun “Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq dedi: “Ölkələrimiz arasında məhsuldar münasibətlərin, yüksək həmrəyliyin və strateji tərəfdaşlığın təmin edilməsi məqsədini daşıyan liderlərimizin uzaqgörən siyasəti və yorulmaz səyləri nəticəsində bu gün biz Azərbaycandan Avropa İttifaqına təbii qazın təchiz edilməsinin yeni marşrutunun formalaşmasının şahidi oluruq. Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya ötürücü sistem operatorları ilə SOCAR arasında Memorandumun imzalanması “Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük bir addımdır. Bu yeni layihə Cənub Qaz Dəhlizi sayəsində iki ildən də artıq müddət ərzində tərəfdaşlarımız üçün etibarlı və sabit enerji təchizatında strateji rol oynayan ölkədən – Azərbaycandan olan təbii qazın alternativ marşrut vasitəsilə əlavə bazarlara çıxışını təmin edəcək. “Həmrəylik Halqası” təşəbbüsü, həmçinin Cənub Qaz Dəhlizinin genişlənməsi vasitəsilə imkanlar təqdim edir və eyni zamanda, enerji sahəsində Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinə töhfə verir. Mən bu yeni təşəbbüslə bağlı bizim səylərimizə uğurlar diləyirəm. Çox sağ olun”.
Bolqarıstanın energetika naziri Rosen Hristov Anlaşma Memorandumunun imzalanmasını Avropanın enerji təhlükəsizliyinə nail olmaq yolunda mühüm addım olduğunu vurğuladı. Bolqarıstanın Avropa İttifaqına, Mərkəzi və Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıyan “Həmrəylik Halqası” (STRING) layihəsinin təşəbbüskarlarından biri olduğunu vurğulayan nazir bildirdi ki, indi region ölkələri bu sahədə öz məqsədlərinə nail ola bilərlər. O, hazırda regionun digər ölkələrinin də bu təşəbbüsə qoşulması imkanları üzərində birgə iş aparıldığını diqqətə çatdırdı.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycandan Avropaya qazın idxalı məsələsini vurğulayaraq, bu marşrutun Avropa üçün önəmini qeyd edərək dedi: “Mərkəzi Avropada şaxələnmə məsələsinə gəldikdə ən yaxşı, ən real və ən səmərəli həll yolu qazı Azərbaycandan idxal etməkdir. Buna heç bir şübhəmiz yoxdur. Biz özümüzə, ən azından özümüzə düzünü deməliyik. “Həmrəylik Halqası” olmasa, Avropa maliyyələşməsi olmasa, onda Mərkəzi Avropanın həqiqətən də mərkəzində yerləşən bizlərin Azərbaycandan əhəmiyyətli qaz həcmini almağa heç bir imkanı olmayacaq. Bizə mütləq Türkiyə də lazım olacaq. Mərkəzi Avropanın gələcək enerji təchizatının mühüm bir hissəsini təşkil edəcək Azərbaycandan olan qaz həcminə güvənmək üçün ümid edirik ki, onlar da gələn dəfə təmsil olunaraq razılaşmanın bir hissəsi olacaqlar”.
Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları ilə SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyətini xüsusi vurğulayaraq dedi ki, bu, layihədə iştirak edən ölkələr arasında uğurlu və sıx əməkdaşlığın qurulmasının göstəricisidir. Bu gün dünyanın enerji təchizatında ciddi böhran və enerji təhlükəsizliyi üçün böyük risklərlə üzləşdiyi bir zamanda bu əməkdaşlıq xüsusilə mühüm əhəmiyyət kəsb edir. Rumıniyalı nazir bu təşəbbüsün bütün regionun ümumi inkişafına töhfə verəcəyini vurğulayaraq ölkəsinin layihəyə fəal dəstək verdiyini qeyd etdi.
Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman isə Azərbaycanla əməkdaşlığın önəminə toxunaraq dedi: “Bu gün biz Anlaşma Memorandumunu imzalamaqla aydın siyasi mesaj göndəririk. Bu mesaj ondan ibarətdir ki, biz Avropaya təbii qazın idxalı üçün yeni dəhliz yaratmağa, tərəfdaşımız olan Azərbaycanla əməkdaşlıq etməyə və qaz təchizatının ümumi şaxələnməsinə töhfə verməyə hazırıq. Slovakiya Azərbaycandan əlavə qaz təchizatını təmin etmək üçün regionumuzdakı qazötürücü sistemi operatorlarının mövcud infrastrukturdan istifadə edilməsi və onun müasirləşdirilməsi çağırışını alqışlamışdır. Mən bizim qazötürücü sistem operatorlarının Azərbaycandan Mərkəzi və Şərqi Avropaya yeni dəhlizin yaradılması ilə bağlı təşəbbüsünün reallaşdırılmasına və SOCAR ilə əməkdaşlığa Slovakiya İqtisadiyyat Nazirliyinin tam dəstəyini ifadə etmək istəyirəm. Yekunda şəxsi fikrimi bildirmək istəyirəm. Mən neft və qaz mühəndisiyəm və Sovet İttifaqının dağılmasından sonrakı onilliyi xatırlayıram. Mən ittifaqın dağılmasından sonra neft hasilatı üzrə Azərbaycanın yeni neft layihələrini xatırlayıram. Mən Azərbaycanın nəhəng neft-qaz layihələrinin reallaşmasında cənab Prezident Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırlayıram. İnanıram ki, biz indi qaz idxalı sahəsində ölkələrimizin Azərbaycanla əməkdaşlığının yeni fəslinə start verəcəyik. Çünki Azərbaycan və SOCAR enerji təchizi üçün uzunmüddətli, etibarlı və dürüst tərəfdaşdır. Hesab edirəm ki, növbəti onillikdə biz yaxşı tərəfdaş olacağıq və birlikdə ölkələrimizin Azərbaycanla əməkdaşlığının yeni erasını yaradacağıq. Çox sağ olun”.
x x x
Azərbaycan dövlətinin başçısı mərasimdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
– Hörmətli Prezident Radev.
Hörmətli nazirlər, xanımlar və cənablar.
Əvvəlcə, mən bu təşəbbüsə görə Prezident Radevə təşəkkürümü bildirmək istərdim. Bu, enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində vaxtında atılan çox mühüm addımdır. Altı ay əvvəl mən Bolqarıstana rəsmi səfər etdim. Beləliklə, altı ay keçdikdən sonra yenə buradayam. Həmin vaxt, biz Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya mərasimində iştirak etdik. Bu layihə Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaratdı. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir. Bir ay əvvəl Prezident Radev Azərbaycanda bizim qonağımız oldu. Bu, həqiqətən ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini göstərir. O, siyasi dialoqun dinamikasını nümayiş etdirir və göstərir ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir.
Bu gün imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq. Bu gün Enerji Komissarı xanım Simsonun, Avropa Komissiyasının digər rəsmilərinin və dostlarımızın artıq qeyd etdiyi kimi, Azərbaycan Avropanın, mən deyərdim ki, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Sizə məlumat vermək istəyirəm ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.
Prezident İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.https://t.co/gIuSOyV7e5 pic.twitter.com/pfV8PgO2Cx
— Yeni Azərbaycan Partiyası/ New Azerbaijan Party (@YAP_1992) April 25, 2023
Əminəm ki, bu gün keçirilən mühüm mərasim əməkdaşlığımızın gücləndirilməsində atılan növbəti addım olacaq. Ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nu imzaladılar. Onun əsasında, biz 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qazı çatdırdıq, bu il isə 12 milyard kubmetri hədəfləyirik. Beləliklə, həmin həcm bu il üçün planlaşdırdığımız 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək. Təbii ki, qaz hasilatı və ixracımız artacaq. Çünki biz hasilatı mövcud qaz yataqlarında artıracağıq və gələn illərdə isə yeni yataqlarda təbii qazın hasilatını gözləyirik. Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq.
Biz yerli qazpaylayıcı sistemin qurulması məqsədilə Albaniya ilə danışıqlar prosesindəyik. Çünki Cənub Qaz Dəhlizi Albaniyanın ərazisindən keçir. Eyni zamanda, Slovakiya “Həmrəylik Halqası”nın üzvü kimi, əminəm ki, yaxın vaxtlarda enerji sahəsində bizim tərəfdaşımıza çevriləcək. Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcəyik. Mən “ən azı” ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq. Tərəfdaşlardan ibarət güclü komandanı yaratmaq kimi bu təşəbbüsdə Bolqarıstan Prezidenti cənab Radevin xüsusi rolunu qeyd etmək istərdim. Əminəm ki, “Həmrəylik Halqası” birgə geniş planlarımızın icrasında mühüm rol oynayacaq.
Mən, həmçinin Sizə bildirmək istərdim ki, təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən artıqdır ki, biz xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaşıq. Neft-kimya məhsulları və elektrik enerjisi, həmçinin ixracımızın bir hissəsidir. Mən, həmçinin enerji inkişaf yolunu xatırlatdığına görə Slovakiyanın nazirinə təşəkkürümü bildirmək istəyirəm. Tam həqiqətdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üç ildən az müddətdə, 1994-cü ildə müqavilə imzaladı. Sonradan həmin müqavilə “XX əsrin müqaviləsi” adlandırıldı. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizində nefti hasil və ixrac etmək məqsədilə xarici neft şirkətlərini dəvət etdi. Bir sözlə, bu gün biz XXI əsrin layihəsini həyata keçiririk və onun miqyası genişlənir.
Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün bu istiqamətdə addımları davam etdirməyə birmənalı olaraq hazırdır. Eyni zamanda, mən sizə bildirmək istəyirəm ki, üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra, yəni – iki neft boru kəməri – biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda biz Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışırıq. Azərbaycan 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı məqsədilə bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilələri və anlaşma memorandumlarını imzalayıb. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Bu həcmə Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat da aiddir. Əlbəttə ki, yaşıl enerjinin əsas ixrac istiqaməti Avropadır.
Beləliklə, biz fəal enerji diplomatiyamızı davam etdiririk. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bütün bunlardan əlavə, bizim aramızda güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq.
Yekun olaraq, hamımızı Anlaşma Memorandumunun imzalanması münasibətilə təbrik etmək istəyirəm və birgə planımızın ən yaxın vaxtlarda icrasına ümid edirəm. Sağ olun.
x x x
Sonra Bolqarıstan dövlətinin başçısı çıxış etdi.
Prezident Rumen Radevin çıxışı
– Hörmətli Prezident Əliyev.
Hörmətli nazirlər.
Zati-aliləri, xanımlar və cənablar.
“Həmrəylik Halqası” təşəbbüsünə start verən Memorandumun imzalanma mərasimində qonaq qismində iştirak etmək mənim üçün şərəfdir. İlk növbədə, mənim bugünkü tədbirdə xüsusi qonaq qismində iştirak etməklə bağlı təklifimi qəbul etdiyinə görə Prezident Əliyevə minnətdarlığımı bildirmək istərdim. Deyə bilərəm ki, bugünkü uğur əhəmiyyətli dərəcədə Bolqarıstanla Azərbaycan arasında etibarlı, uzunmüddətli strateji əməkdaşlıqla əlaqədardır. Son bir ildə bu əməkdaşlıq çox uğurla inkişaf edib və hazırda artıq yeni müstəvidədir.
Prezident Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etdi. On ildən artıq müddət bundan əvvəl imzaladığımız müqaviləyə əsasən Bolqarıstanın artıq bir ildən çoxdur Azərbaycan tərəfindən etibarlı şəkildə təchiz olunduğu faktına əlavə etməli heç nə yoxdur. Bütün qlobal siyasi faktlara baxmayaraq, Azərbaycan müqavilənin şərtlərinə ciddi şəkildə əməl edir. Azərbaycan təkcə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşıdır. Bu, ötən ilin iyulunda, Azərbaycanın Avropa Komissiyası ilə enerji sektorunda strateji əməkdaşlığa və xüsusilə Avropa İttifaqına əlavə həcmdə qaz təchizatına dair Memorandum imzalaması ilə təsdiq olundu. Buna baxmayaraq, böyük sual qalmaqdadır. Bu həcmdə qaz Avropa İttifaqına konkret olaraq necə çatdırılacaq? Biz qazın qarşıdakı illərdə Avropaya çatdırılacağı barədə düşünürdük. İndi isə mən bu məsələ ilə bağlı təşkilatçılıqlarına və çevik reaksiyalarına görə nazirlərə minnətdarlığımı bildirməliyəm. Bu həll təkcə bizim ölkələrimiz üçün deyil, həm də bütün Mərkəzi və Cənub-Şərqi Avropaya ən sürətli, ən səmərəli və ən sərfəli şəkildə şaxələndirmə istiqamətində həlldir.
Mən Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenə, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsona, Yunanıstan və Türkiyə tərəfinə minnətdarlığımı bildirmək istərdim. Onlar hamısı bu təşəbbüsü dəstəklədilər, çünki bu insanlar olmasaydı, bu təşəbbüs həyata keçirilə bilməzdi. Məhz bu səbəbdən biz bu təşəbbüsü “Həmrəylik Halqası” adlandırdıq. Çünki xüsusilə bizim tərəfdaşlarımızın etibarlı qaz təchizatına ehtiyacı olduğu bir zamanda, həmrəylik və əməkdaşlıq təməldir. Çünki Ukraynadakı müharibə bizi mehriban qonşuluq, həmrəylik və əməkdaşlıq anlayışlarının yeni ölçülərini axtarmağa vadar etdi. Bu, əsasən beynəlxalq logistika xəritəsinə dəyişikliklər etmək imkanına malik olmaq üçün bizdən yeni həllər, yeni marşrut və təchizat axtarmağı tələb edir. Bu təşəbbüs bu istiqamətdə uğurun nümunəsidir. Aydındır ki, bugünkü Memorandumun imzalanması bizim aramızda yeni əməkdaşlıq üçün çox güclü siqnaldır. Bu, ölkələrimizin qaz təchizatı şəbəkələrinin həcmini, həmçinin aramızdakı qarşılıqlı əlaqəni genişləndirəcək.
Daha bir mühüm məqam ondan ibarətdir ki, bu təşəbbüs bizim ambisiyalarımızın səviyyəsini artırır. İndi biz artıq digər daha mühüm layihələr barədə danışmağa başlamışıq. Biz gələcəyin enerjisi – yaşıl hidrogenin nəqli barədə danışmağa başlamalıyıq. Bir qədər sonra biz Prezident Əliyevlə SOCAR-ın Sofiyada yeni ofisinin açılışını edəcəyik. Mən cənab Prezident Əliyevə məlumat vermək istərdim ki, Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Avropa ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyasını təsdiqləyib. Cənab Prezident Əliyev, mən bu münasibətlə Sizi təbrik etmək istərdim və inanıram ki, biz gələcəkdə uğur qazanacağıq. Çünki geosiyasi vəziyyət, ilk növbədə, birlikdə olmağı və ən yaxşı həllər axtarmağı tələb edir. Sizin hamınıza uğurlar arzulayıram.
x x x
Qeyd edək ki, Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.
Böyük ölçüdə video
Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR
kaynak:https://president.az/az/articles/view/59489
Prezident İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.https://t.co/gIuSOyV7e5 pic.twitter.com/pfV8PgO2Cx
— Yeni Azərbaycan Partiyası/ New Azerbaijan Party (@YAP_1992) April 25, 2023